İQTİSADİYYAT
Yaponiyanın televiziya kanalında Azərbaycandakı əlverişli investisiya mühitindən bəhs edilib VİDEO
Tokio, 30 oktyabr, AZƏRTAC
Yaponiyanın “CGS” televiziya kanalında Azərbaycanın inkişaf perspektivləri, biznes mühiti və investisiya qoyuluşu imkanlarına həsr edilən xüsusi veriliş nümayiş olunub.
Aparıcının suallarını cavablandıran “Cross Border Club” şirkətinin meneceri, “World Investers TV” internet televiziyasının baş prodüseri Kazuyasu İşida Azərbaycanın iqtisadiyyatı haqqında danışıb, aparıcı sahələr və son illər müşahidə olunan dinamik inkişaf barədə tamaşaçılara ətraflı məlumat verib. O bildirib ki, karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəətin ölkə iqtisadiyyatına bacarıqla yönəldilməsi Azərbaycanın yüksək sürətlə inkişafına səbəb olub. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən K.İşida TAP və TANAP layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə də məlumat verib. Qeyd edib ki, tarixə bağlılığı ilə diqqəti cəlb edən Azərbaycan hazırda sürətlə modernləşmə xəttini tutub, mühüm beynəlxalq tədbirlərin, idman və musiqi müsabiqələrinin keçirildiyi mərkəzə çevrilib. Müasir dünya haqqında daha ətraflı məlumat almaq istəyən yaponlar Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, məhz Azərbaycana səyahət etməlidirlər. Azərbaycan haqqında məlumatların əldə edilməsi yapon gənclərin inkişafına mühüm təsir göstərə bilər.
K.İşida Azərbaycanda biznes imkanları, bu ölkəyə investisiya qoyuluşu barədə də ətraflı məlumat verib. Qeyd edib ki, əlverişli biznes mühitinin yaradılması istiqamətində Azərbaycanda son illər mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayır.
Rəhbərlik etdiyi “Cross Border Club” tərəfindən son iki ildə 300-dək iş adamının Azərbaycana səfərinin təşkil edildiyi barədə məlumat verən K.İşida bunun qarşılıqlı biznes əlaqələrinin qurulması ilə yanaşı, iki ölkə arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfələr verdiyini də vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio