DÜNYA
Yaponiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə KXDR məsələsini müzakirə edib
Tokio, 21 sentyabr, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono telefon vasitəsilə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə cari həftədə Pxenyanda baş tutan koreyalararası sammitin nəticələrini və Koreya yarımadası ətrafında vəziyyəti müzakirə edib.
Yaponiyanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumatda deyilir: “Tərəflər sentyabrın 18-19-da keçirilən koreyalararası sammitin nəticələrini nəzərə alaraq, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam təmin edilməsi məqsədilə Şimali Koreyaya münasibətdə öz gələcək siyasətlərini əlaqələndirmək barədə razılıq əldə ediblər”.
T.Kono və M.Pompeo, eyni zamanda təsdiq ediblər ki, tərəflər Yaponiya və ABŞ, həmçinin Yaponiya, ABŞ və Cənubi Koreya arasında, bundan əlavə BMT Baş Assambleyası zamanı təşkil ediləcək Yaponiya-ABŞ sammitində sıx əməkdaşlığı davam etdirəcəklər.
Məlumatda qeyd edilir ki, xarici işlər idarələrinin rəhbərləri, eyni zamanda, İran ətrafında vəziyyətlə bağlı da müzakirələr aparıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio