İQTİSADİYYAT


Yaponiyanın yutub kanalı Azərbaycanın neft-qaz layihələri və ARDNŞ şirkəti haqda veriliş yayımlayıb VİDEO

Tokio, 3 sentyabr, AZƏRTAC

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalı Azərbaycanın neft-qaz layihələri və ARDNŞ şirkəti haqda veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Kazuyasu İşida hazırda Avropada baş verən enerji böhranından, Azərbaycanın karbohidrogen ehtiyatlarının bu böhranın aradan qaldırılmasında əvəzedilməz rolundan bəhs edir. Bildirir ki, Azərbaycanın zəngin neft-qaz yataqları, bu yataqlardan hasil edilən enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP xətləri Avropanı xilas edəcək çox əhəmiyyətli infrastruktur layihələridir.

Verilişdə Orta Asiyanın enerji ehtiyatlarının Azərbaycan vasitəsilə Avropaya nəqli məsələsinə də toxunulur. Bu işdə Azərbaycanın tranzit rolunun xüsusi əhəmiyyətindən bəhs olunur. Vurğulanır ki, Qazaxıstan xam neftini Rusiyanın Novorossiysk limanına, oradan isə dəniz yolu ilə Avropaya nəql edən Xəzər Dəniz Boru Kəməri Konsorsiumunun (CPC) Rusiya tərəfindən dayandırılmasından sonra Azərbaycanın Avropaya enerji ixracı marşrutu kimi əhəmiyyəti xeyli artıb.

Verilişdə Qazaxıstanın “QazaqGaz” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilə imzalandığı, Qazaxıstan və Türkmənistandan gələn enerji mənbələrinin son illərdə Azərbaycandan keçmək imkanının və əhəmiyyətinin artdığı qeyd edilir.

Verilişdə Azərbaycanın Şərqlə Qərbi birləşdirən enerji qovşağı kimi rolunun gələcəkdə daha da artacağı bildirilir.

Qeyd edək ki, Kazuyasu İşidanın rəhbərlik etdiyi “Cross Border Club 3.0” kanalının 110 mindən çox abunəçisi, 500 mindən çox izləyicisi var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.