MƏDƏNİYYƏT


Yaponiyanın yutub kanalında Azərbaycanın turizm potensialı barədə xüsusi veriliş yayımlanıb VİDEO

Tokio, 25 sentyabr, AZƏRTAC

Yaponiyanın “Travel Mania's Secret Base” adlı yutub kanalında Azərbaycanın möhtəşəm turizm potensialı barədə xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcıları “HIS” turizm şirkətinin baş meneceri Keniçi Kobayaşi və “Cross Border Club”ın prezidenti Kazuyasu İşida izləyicilərə qədim və zəngin mədəniyyətə malik ölkəmizin tarixi və mədəni obyektləri, Formula 1 Azərbaycan Qran-Prisi, müasir inkişafı, əsrarəngiz təbiəti və tamı ilə əcnəbiləri valeh edən Azərbaycan mətbəxi barədə məlumat veriblər.

Azərbaycanlıların yüksək qonaqpərvərliyi və mehribanlığı ilə seçildiyini vurğulayan aparıcılar ölkəmizin dünya miqyasında tanındığını, burada keçirilən beynəlxalq tədbirlərin, aparılan böyük quruculuq işlərinin ölkəmizə çox böyük maraq yaratdığını vurğulayıblar.

Azərbaycana ilk səfərinin səkkiz il əvvəl baş tutduğunu qeyd edən Kazuyasu İşida bildirib ki, elə bu səfərdən azərbaycanlıların qonaqpərvərliyi, burada tarixi keçmişlə müasir inkişafın üzvi vəhdəti onu heyran edib. Düşünüb ki, yaponlar mütləq bu gözəl ölkəni tanımalıdırlar. Bu günədək ölkəmizə 15 dəfədən çox səfər etdiyini qeyd edən K.İşida onunla birlikdə bu səfərlərə qatılanların da Azərbaycana heyran qaldıqlarını və bu ölkəyə dəfələrlə səfər etməyə hazır olduqlarını bildirib.

Son illər Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edən K.Kobayaşi Bakıdan Tokioya açılan birbaşa karqo reysinin buna nümunə olduğunu bildirib. Vurğulayıb ki, yapon dilinin Azərbaycan universitetlərində öyrədilməsi təhsilini davam etdirmək üçün Yaponiyaya gələn azərbaycanlı gənclərin sayının artmasına mühüm təsir göstərib. Bütün bu məqamlar gələn il qeyd olunacaq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə ən gözəl töhfədir və qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyini deməyə əsas verir. Bütün dünyanı bürümüş koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrini qeyd edən aparıcılar, artıq gələn ildən iki ölkə arasında səfərlərin intensivləşməsi üçün şəraitin yaxşılaşacağına inandıqlarını bildiriblər.

Azərbaycana dəfələrlə səfər etmələrinə baxmayaraq, bu gün də böyük məmnuniyyətlə ölkəmizə getməyə hazır olduqlarını qeyd ediblər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.