CƏMİYYƏT


Yaqut Qarayeva: Hələ beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur

Bakı, 16 oktyabr, AZƏRTAC 

Azərbaycan COVID-19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli COVAX layihəsinin iştirakçısıdır. Hazırda dünyada vaksinlərlə bağlı aparılan araşdırmaları çox yaxından izləyirik. Hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Lakin insanlarda onun istifadəsi başlayan zaman hər hansı fəsadlar və əks-təsirlər qeydə alınır. Hələ bütün mərhələləri bitirən və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur. Ölkəmizdə həmin proseslər yaxından izlənilir. Biz artıq bütün proseslərin iştirakçısıyıq. Əgər hansısa vaksin təsdiq olunarsa, onu əldə edə biləcək ölkələrin sırasındayıq.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

O, Rusiyadan vaksin gətirilməsi məsələsinə toxunaraq bildirib ki, vaksinin hansı ölkədə istehsal olunması əhəmiyyətli deyil. Rusiyada istehsal olunan vaksin də hazırda peyvənd namizədlərin siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da həmin peyvəndə bəzi müsbət qiymətlər verir, o da tam təsdiqlənməyib. Onun müsbət qiymətləndirmə nəticələri qeyd olunur. Əgər həmin peyvəndin tam şəkildə zərərsiz olması və istifadəsinin mümkünlüyü təsdiq olunarsa və ÜST tərəfindən qəbul olunarsa, o zaman Azərbaycan da onu almağı düşünə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.