CƏMİYYƏT


Yaqut Qarayeva: Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir koronavirusla mübarizəyə qoşulsun

Bakı, 23 oktyabr, AZƏRTAC 

Payız-qış aylarında virusa yoluxma sayında artım olacağı gözlənilən idi. Hər bir kəskin virus infeksiyası havalar soyuyanda, qış vaxtı artır. Lakin hələ havalar çox soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var. Bəlkə də vətəndaşların sentyabrda COVID-19-a yoluxma sayında azalmanın olmasına görə bir qədər arxayınlaşması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım olacağı gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

O qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstələrin sayı artarsa, hansı xəstəxanaların bu işə qoşulacağı, çarpayı fondunun necə istifadə olunacağı ilə bağlı xüsusi planlar hazırlamışdı: “Lakin hazırda bir çox dəyişikliklər var. Bir sıra bölgələrdə modul tipli xəstəxanalar tikilib istifadəyə verilib. Bizim kifayət qədər çarpayı fondumuz var idi. Son hadisələrlə əlaqədar biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Tibb işçilərimiz də sağlam, qüvvətli və hazır vəziyyətdə olmalıdırlar ki, hərbçilərimizə kömək edə bilsinlər. Bu da çox önəmlidir. Xəstəlik insanın peşəsinə baxmır.

Hazırda əsas problem ağır xəstələr, yaşlılar, xroniki və yanaşı xəstəliyi olanlarla bağlıdır. Çünki onların adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyacları var. Həmin xəstələrin müalicəsinin azı 2 həftə olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, həmin çarpayıdan iki həftə ərzində yeni bir xəstə istifadə edə bilməyəcək. Bu, ciddi problemdir.

Hazırda reanimasiya şöbələrində 200-dən çox xəstə var, onlardan 20-yə yaxını süni tənəffüs aparatına qoşulub. Hər birimiz bunun məsuliyyətini hiss eləməliyik. Doğrudur, dövlət modul tipli xəstəxanalar tikib, yetərincə süni tənəffüs aparatları da gətirilib. Lakin bir resurs var ki, onu yetişdirmək çox çətindir. Bunlar tibb işçiləridir. Bir həkim-reanimatoloq, həkim–pulmonoloqun yetişməsi üçün illər lazımdır.

Bizim stasionar çarpayı sayı baxımından heç bir problemimiz yoxdur. Stasionarda yatan xəstəyə hər bir həkim qulluq edə bilər. Bütün dünyada belə praktika var. Belə ki, digər ixtisasdan olan həkimlərə yüngül treninq keçirlər və onlar stasionarda yatan xəstəni müalicə etməyi və onu nəzarətdə saxlamağı bilirlər. Lakin reanimasiyada olan, süni tənəffüs cihazına qoşulan xəstəyə sadəcə mütəxəssis, həkim-reanimatoloq baxa bilər. Hər hansı bir həkimi qısa müddətdə treninqlər keçərək süni tənəffüs aparatında olan xəstəyə baxmağı öyrətmək mümkün deyil. Bu, illərlə qazanılan bir təcrübədir. Ona görə də mən xüsusən gənclərimizə, cavanlarımza müraciət edirəm. Çox təəssüf ki, onlar maska taxmaqdan çəkinirlər, xəstəliyə ciddi yanaşmırlar. Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər. Lakin hər kəsin evində valideynləri, yaşlılar var. Gənclərimiz başa düşmürlər ki, ailə üzvləri bu xəstəliyə tutulanda onları yüngül formada, evdə müşahidə altında keçirə bilməyəcəklər. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Burada bizə ictimai qınaq da lazımdır. Kim ki, ordumuza, qələbəmizə dəstək olmaq istəyir koronavirusla mübarizəyə qoşulsun. Çünki biz öz tibb resurslarımızı bölmək məcburiyyətində qalırıq”.

Y.Qarayeva evdə özbaşına dərman qəbul edən vətəndaşlardan da bəhs edib: “Evdə həkim nəzarəti olmadan antibiotiklərdən istifadə edən xəstələr xəstəxanaya düşəndən sonra onların müalicəsi ciddi problemlər yaradır. Belə ki, virus infeksiyasından sonra ikincili bakterial infeksiyalar inkişaf edə bilər. Onlar inkişaf etdiyi zaman xəstənin müalicəsi üçün antibiotik tapmaq və ya uyğunlaşdırmaq çox çətin olur. Bəzən bir xəstə xəstəxanaya qədər evdə iki cür, o cümlədən güclü antibiotik qəbul edir. Bu zaman xəstənin müalicəsində daha yüksək və daha genişspektrli antibiotiklərə keçmək məcburiyyətində oluruq”.

TƏBİB-in şöbə müdiri, həmçinin aparılan testlərin sayına da toxunub: “Fevral ayında test aparılan laboratoriyalarımızın sayı az idi. Onlar əsasən Səhiyyə Nazirliyinin xüsusi təhlükəli infeksiyalarla mübarizə mərkəzlərində idi. Lakin bu günə qədər TƏBİB-in nəzdində olan tibb müəssisələrində, xüsusilə regionlarda bir çox laboratoriyalar açılıb. Bu da bizim testaparma imkanlarımızı artırıb. Bir çox özəl müəssisələr də bu işə qoşulub. Hazırda gündəlik 9 mindən çox test edirik, hətta bundan da çox test aparmaq mümkündür. Test sayı çox olarsa, aşkarlanma da çoxala bilər. Lakin bu, bizi rahatlaşdırmamalıdır. Düşünməməliyik ki, test çoxdur, ona görə yoluxma sayında artım var. Əgər test sayı artarsa, lakin xəstə sayında artım olmazsa, bu, bizim üçün müsbət göstərici kimi qiymətləndirilə bilər. Hər aşkarlanan pozitiv hadisə asimptomatik olsa belə, başqa vətəndaşlar üçün təhlükədir. Həmin şəxsləri aşkarlayıb izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında vacib addımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.