CƏMİYYƏT
Yaqut Qarayeva: Son günlər Azərbaycanda COVID-19-a yoluxmada kəskin artım müşahidə olunur VİDEO
Bakı, 26 iyul, AZƏRTAC
Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“İyun ayının sonuna yoluxma faizi, yəni ümumi test arasında olan pozitiv nəticələrin payı 1 faizdən aşağı idi. Hətta 0.7-0.8 faiz yoluxma qeydə alınırdı. Bu, bizim üçün çox yaxşı göstəricilər idi. Lakin son günlərdə yoluxma faizləri 5 faizədək yüksəlib. Bu, son günlər ərzində ciddi bir yüksəlişdir.
Koronavirusa yoluxmanın yaş üzrə bölgüsündə yenə də 30-39 yaş arası öndədir. Kişi və qadınlar arasında da demək olar ki, eyni bölgü müşahidə olunur.
Respublika üzrə yenə də ən çox yoluxma sayı paytaxtın üzərinə düşür. Belə ki, ölkə üzrə ümumi yoluxmaların 54 faizi Bakıda qeydə alınır. Paytaxt rayonları arasında isə yüksək yoluxma göstəricisi Binəqədi rayonuna məxsusdur”, - deyə Y.Qarayeva qeyd edib.
Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiyanın həyata keçirildiyini xatırladan TƏBİB-in departament müdiri bildirib ki, bu günə qədər ölkəmizdə koronavirusa qarşı 4 milyon 500 min dozadan çox vaksin vurulub və heç bir ciddi əks təsir müşahidə olunmayıb.
O, bildirib ki, iki milyona yaxın vətəndaş hər iki dozanı qəbul edib və bu, çox yaxşı nəticədir: “Azərbaycan çox az ölkələr sırasındadır ki, koronavirusa qarşı dörd adda vaksindən könüllü olaraq seçim şərti ilə istifadə olunur. Dünyada istifadə olunan vaksinlər və onların platforması, yəni növləri hazırda bizdə var. Bütün vaksinlərdən paytaxtda istifadə etmək olar. Bu gün ölkənin bütün regionlarında, hətta səyyar olaraq ucqar kəndlərində belə “Sinovac” şirkətinin “CoronaVac” vaksinindən istifadə olunur. Bununla bərabər, “AstraZeneca” şirkətinin “Vaxzevria” vaksinini Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda vurdurmaq mümkündür. “Pfizer” vaksini Bakı şəhərində bir sıra məntəqələrdə istifadə olunur. Bununla bərabər, Lənkəran, Gəncə və Quba şəhərlərində də vurdurmaq olar. Müraciətlər nəzərə alınaraq digər regionlarda da bu vaksinin tətbiqinə başlanılması nəzərdə tutulub.
Aprelin 2-dən başlayaraq səyyar olaraq Bakı şəhəri ərazisində demək olar ki, bütün böyük müəssisələrdə vaksinasiya həyata keçirmişik. Bu zaman 62 min dozadan çox vaksin vurulub. Vətəndaşların rahatlığını təmin etmək üçün “Bravo” supermarketlər şəbəkəsinin “Koroğlu” və “Əhmədli” filiallarında “CoronaVac” vaksini ilə peyvəndləmə həyata keçirilir. Eyni zamanda, “28 mall” və “Dəniz mall”da da peyvəndləmə icra olunur.
Bundan əlavə, “Yeni Klinika” tibb müəssisəsində “CoronaVac” və “Pfizer/Biontech” peyvəndinin də tətbiqinə başlanılıb”.
“Yeni ailə quranlardan vaksinasiya ilə bağlı çoxlu suallar ünvanlanır. Dünya praktikasında hər zaman ailə qurmazdan və uşaq planlaşdırılmasından əvvəl ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki sonra hamiləlik dönəmində qadının məxmərək, suçiçəyi, qızılca kimi virus infeksiyalarına yoluxması dölün inkişafında çətinliklər yaradır. Ona görə də bunları öncədən düşünüb nəzərə almaq tibbi tərəfdən daha doğrudur”, - deyə Y.Qarayeva vurğulayıb.