CƏMİYYƏT
Yaqut Qarayeva: Verdikləri testlərin nəticələri vətəndaşlara SMS şəklində göndərilməyəcək
Bakı, 30 iyun, AZƏRTAC
Artıq bir neçə gündür ki, “E-təbib” mobil tətbiqi istifadə olunur. Verdikləri testlərin nəticələri vətəndaşlara mobil tətbiq vasitəsilə çatdırılır. Testlərin nəticələri artıq SMS formatında göndərilmir və göndərilməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Laborator analizin nəticəsini öyrənmək üçün sadəcə olaraq “E-təbib” mobil tətbiqini yükləmək və FIN kodu daxil etmək lazımdır. Mobil tətbiqdəki çatışmazlıqlar aradan qaldırılıb. Bununla əlaqədar 8113 - “qaynar xətt” əlaqə mərkəzi fəaliyyət göstərir. Vətəndaşların sualları olarsa, “qaynar xətt”ə müraciət edə bilərlər”, - deyə Y.Qarayeva qeyd edib.