CƏMİYYƏT
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
Bakı, 30 iyul, AZƏRTAC
Xəstə ilə təmasda olmuş bütün tullantılar infeksiya mənbəyidir. Xəstəxananın ofis hissəsində əmələ gələn tullantılar isə qeyri-infeksion məişət tullantılarıdır. Xəstəxanada olan kəsici-dəlici tullantılar isə daha təhlükəlidir. Məsələn, iynəni zibil torbasına atdıqdan sonra o, zənbili deşərək düşə və başqa ciddi problemlərə yol aça bilər. Ona görə, belə tullantılar üçün plastik qablardan istifadə olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusundakı çıxışında deyib.
O, Azərbaycanda tibbi tullantıların daşınmasına da münasibət bildirib. Qeyd edib ki, tullantıların daşınmasını başqa qurumlar həyata keçirməlidir: “Bu, xəstəxananın edəcəyi iş deyil. Məsələn, Türkiyədə bu funksiyanı bələdiyyələr həyata keçirir. Xəstəxanaların topladığı tullantıları özlərinin utilizasiya etməsi başqa problemlərə səbəb olur. Bu, ekoloji cəhətdən təhlükəlidir. Ona görə, tullantılar xəstəxanada yalnız müvəqqəti saxlanıla bilər. Tullantıları müvəqqəti saxlamaq üçün standartlara uyğun xüsusi yerlər hazırlamaq lazımdır”.