MƏDƏNİYYƏT


“Yaradanlar” filmi təqdim olunacaq

Bakı, 29 noyabr, AZƏRTAC

Rejissor Şamil Əliyevin “Yaradanlar” sənədli filmi ölkədə ilk dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən ekran əsəri Memarlar İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunub. Filmin ideya müəllifi Elbay Qasımzadə, ssenari müəllifi Natiq Rəsulzadə, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynovdur.

Film görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

İl ərzində müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatalara layiq görülmüş filmin ölkədə ilk nümayişi dekabrın 3-də Nizami Kino Mərkəzində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.