MƏDƏNİYYƏT
“Yaradanlar və yaşadanlar” layihəsi davam edir
Bakı, 18 yanvar, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində tanınmış bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Konsertdə bəstəkarın mahnıları respublikanın tanınmış incəsənət ustaları tərəfindən səsləndirilib. İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.