MƏDƏNİYYƏT
“Yaradıcılıq üfüqləri: gənc yazarlar üçün toplantıların təşkili” layihəsinə yekun vurulub
Bakı, 2 avqust, AZƏRTAC
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə reallaşdırılan “Yaradıcılıq üfüqləri: gənc yazarlar üçün toplantıların təşkili” adlı layihənin yekun tədbiri keçirilib.
DGTYB-dən AZƏRTAC-a bildirilib ki, Binəqədi Gənclər Evində baş tutan tədbirdə birliyin məsləhət şurasının rəhbəri Əkbər Qoşalı çağdaş ədəbiyyatımızda yaradıcı gənclərin rolundan danışıb. DGTYB-nin yarandığı gündən istedadlı gənc yazarların üzə çıxarılması və ədəbi ictimaiyyətdə tanıdılması üçün bir çox işlər gördüyünü söyləyən Ə.Qoşalı sözügedən layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, layihə çərçivəsində bu il paytaxtın müxtəlif mədəniyyət ocaqlarında, eləcə də, bölgələrdə - Bərdə və Şəmkir, Xırdalan və Sumqayıtda yaşayan yaradıcı gənclər və ədəbi ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilib, virtual fikir mübadiləsi aparılıb. Bu cür görüşlər yeni imzaların üzə çıxarılmasına, onların respublika səviyyəli dövri nəşrlərdə, habelə türk dünyası nəşrlərində çıxışlarına imkanlar yaradır.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov rəhbərlik etdiyi qurumun daim gənclərin ideyalarının həyata keçirilməsində, istedadlı gənclərin üzə çıxarılmasında gördüyü işlərdən danışıb. DGTYB-nin fəaliyyətini yüksək qiymətləndirən E.Aslanov onun çağdaş ədəbiyyatımıza töhfələr verdiyini vurğulayıb.
Milli Məclisin deputatı, şair-publisist Musa Urud ədəbi mühitdə gənclərin rolundan söhbət açıb. Qarabağ həsrətinin, vətənpərvərlik duyğularının ədəbiyyatımızda müfəssəl şəkildə işıqlandırılmasının vacibliyini qeyd edib. Bu baxımdan gənc yazarların üzərinə düşən mənəvi məsuliyyətin böyük olduğunu və parlaq imzaların ədəbiyyatımızın daha da canlanması üçün böyük töhfə verdiyini diqqətə çatdıraraq onlara yaradıcılıq işlərində uğurlar arzulayıb.
Tədbir poeziya axşamı ilə davam edib. Gecədə paytaxt şairləri ilə yanaşı, regiondan olan gənc şairlər də iştirak ediblər.
Sonda şairlərdən bəzilərinə fəxri fərmanlar təqdim edilib.