CƏMİYYƏT
Yaralanandan sonra üç dəfə cəbhəyə qayıdan Vətən müharibəsi qazisi müalicələrin gedişindən razıdır
Bakı, 18 may, AZƏRTAC
Kənan Qocayev Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecini bitirib. 2014-cü ildə hərbi xidmətə çağırılıb və Xüsusi Təyinatlı briqadada kurs keçib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Aprelin 2-də Talış kəndi uğrunda döyüşlərdə qarın nahiyəsindən yaralanıb və sonralar ehtiyata buraxılıb. Ötən ilin sentyabrında isə könüllü olaraq Vətən müharibəsində iştirak edib.
Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə üç dəfə yaralanan Kənan hər dəfə sağalandan sonra yenidən cəbhəyə dönüb. O, göstərdiyi igidliyə görə altı medala - “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.
Üçüncü qrup Vətən müharibəsi əlili Kənan AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Sentyabrın 28-də Əbdürrəhmanlı və Seyidəhmədli kəndlərində səngər döyüşlərində iştirak edərək ermənilərin xeyli canlı qüvvəsini sıradan çıxarmışam. Oktyabrın 6-da səhər saatlarında Hadrut istiqamətində gedən döyüşlərdə ayağımdan güllə yarası almışam. Füzulu rayon Diaqnostika Mərkəzində tibbi yardım göstəriləndən sonra oktyabrın ortalarında yenidən cəbhəyə qayıtmışam. Oktyabrın 24-də Qubadlıda Göytəpə kəndi ətrafındakı döyüşlərdə qolumdan və kürək nahiyəsindən yara almışam. Cəbrayıl hospitalına təxliyə olunmuşam və iki gün müalicə aldıqdan sonra ikinci dəfə yenə də döyüş yoldaşlarımın yanına qayıtmışam. Noyabrın 10-də əlimdə silah onlarla bir yerdə bu dəfə Laçın dəhlizi uğrunda döyüşlərdə iştirak etmişəm. Milli Ordumuzun qazandığı Zəfəri həmin mövqedə eşitmişəm və təbii ki, çoxdan gözlənilən Qələbəyə görə hədsiz sevinc hissi keçirmişəm”.
Özünün müalicə prosedurları barədə məlumat verən cəsur döyüşçü deyib: “Dörd aydır ki, Şirvan Reabilitasiya Mərkəzində müalicə alıram. İlk vaxtlar çox aqressiv idim, döyüşdə aldığım yaralar öz təsirini göstərirdi, bədənimdə qəlpələrin yeri sızıldayırdı, yuxusuzluqdan əziyyət çəkirdim. Burada çox güclü psixoloji müalicələr aparılır. İdman məşğələlərinə cəlb olunmuşam, masaj və fizioterapevtik müalicələr alıram. Ağrılarım xeyli dərəcədə səngiyib, yuxu problemim demək olar ki, həll olunub. Aparılan davamlı müalicələr, mərkəzin kollektivinin böyük diqqət və qayğısı ilə hər şey yaxşılığa doğrudur. Özümü yaxşı hiss edirəm, mənə göstərdikləri bu qayğıya görə bütün tibb işçilərinə və həkimlərə minnətdaram”.