CƏMİYYƏT
Yaralanmış Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminatı davam edir VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış, reabilitasiya vasitələrinə ehtiyacı olan qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını həyata keçirir. Protezlər nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində dünyanın məşhur protez istehsalçıları ilə əməkdaşlıq şəraitində qurulan sexdə hazırlanır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin reabilitasiya vasitələri yüksək funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam, daha dəqiq tənzimlənməsinə imkan verir, sabit, təhlükəsiz və inamlı hərəkəti təmin edir.
Vətən müharibəsindəki qələbəmizin qəhrəmanlarından olan Əliyev Rəşad Amin oğlu bu günlərdə yüksək texnologiyalı protezlərlə təmin edilib. Döyüşlərdə ağır yaralanaraq ayağını itirən Rəşad bu reabilitasiya vasitəsi ilə artıq sərbəst şəkildə addımlamaq, rahat hərəkət imkanına malikdir.
Həmin prosesi bu linkə daxil olmaqla izləmək olar.