İQTİSADİYYAT
Yararsız hala düşmüş evlərin sakinləri üçün geniş və müasir binalar inşa edilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Nərimanov rayonunda Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, sökülmüş binalarda yaşayan sakinlər üçün həmin əraziyə yaxın yerdə yeni, müasir, milli memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı binalar inşa edilmişdir. Artıq hər biri 48 mənzildən ibarət olan 3 bina, 20 mənzildən ibarət bir bina, hər biri 30 mənzildən ibarət olan 3 bina həmin sakinlərin istifadəsinə verilmişdir.
Bu tədbirin həyata keçirilməsi nəticəsində 253 ailə mənzil və məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Rayonun digər ünvanlarında da yararsız və qəzalı vəziyyətə düşən binalarda yaşayan sakinlərin tam təmirli, sahəsi əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olan yeni mənzillərə köçürülməsi təmin edilmişdir.
Bütövlükdə Azadlıq prospekti-146/148, 150/152, 154, Heydər Əliyev prospekti -64, 73/5, Həsənoğlu küçəsi-12 ünvanlarından 311 ailənin mənzil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bu layihələrin davamı olaraq hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli binanın tikintisinə başlanılmış və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli binanın tikintisi davam etdirilir.
Metronun “Gənclik” stansiyası ətrafında nəqliyyat infrastrukturunun yenidən qurulması ilə əlaqədar Səxavət Quliyev küçəsi -7 ünvanında yaşayan 49 ailənin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir.
K.Rəhimov küçəsində sökülmüş 7 binanın yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınmasına başlanılmışdır.