CƏMİYYƏT
“Yarat, inkişaf et, töhfə ver” layihəsinin nəticələrinə dair ictimai təqdimat keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Gənclər Fondunun tərəfdaşlığı ilə “Konstitusiya” Araşdırmalar Fondu və “Education HUB” tərəfindən “Yarat, inkişaf et, töhfə ver” layihəsinin nəticələrinə dair ictimai təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi region gənclərinin, xüsusilə də qızların şəxsi inkişafı, fəal iştirakçılığı təmin etmək üçün incəsənət alətlərindən istifadə etməklə yerli təşəbbüslər həyata keçirərək yeni imkanlar yaratmaqdır.
Layihəyə Azərbaycanın altı bölgəsindən – paytaxtın Binəqədi və Xəzər, eləcə də Şəmkir, Biləsuvar, Qazax rayonlarından və Mingəçevir şəhərindən olan 150 gənc (120 iştirakçı və 30 mentor) cəlb olunub. Layihə nəticəsində iştirakçılar gender bərabərliyi, ətraf mühitin qorunması, inklüzivlik, gənclərin asudə vaxtının səmərəli təşkili, təhsil, oxu vərdişlərinin artırılması, sağlamlıq üçün idman və s. mövzularda 31 yerli təşəbbüs həyata keçiriblər. Bu təşəbbüslərdən həmin şəhər və rayonlardan 1500-dən artıq gənc birbaşa, 4 mindən çox insan isə dolayı yolla faydalanıb.
İctimai təqdimat zamanı Avropa İttifaqı və UNICEF-in Azərbaycandakı nümayəndəliklərinin, dövlət qurumlarının və media təmsilçiləri, deputatlar iştirak ediblər.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan çıxışında Azərbaycan Hökuməti ilə başlanan bu təşəbbüsün uğurlu nəticələrindən danışaraq, gələcəkdə bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərmin Bağırova gənclərin icma təşəbbüslərində fəal iştirakını diqqətəlayiq hesab edərək, bu təşəbbüsün digər bölgələrdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov isə xüsusən regionlardan olan gənclərin sosial layihə idarəçiliyinə cəlb edilməsinin önəmini yüksək qiymətləndirib.
Tədbirdə altı regiondan olan iştirakçılar və mentorlar həyata keçirdikləri təşəbbüs və layihələrini müxtəlif incəsənət vasitələrindən istifadə edərək izləyicilərin diqqətinə çatdırıblar.