REGİONLAR
Yardımlı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Yardımlı, 1 may, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon İcra Hakimiyyətində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının seçki konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Vətən müharibəsi şəhidlərinin, həmçinin dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda ağsaqqalların Yardımlı rayonunun ictimai-siyasi və mədəni həyatında rolu yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları “Milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Bu qayğı və diqqət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova çıxışında ötən illər ərzində görülən işlərdən, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açaraq, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Sonra təşkilati məsələlərə baxılıb. Mənsimov Məzlum Zülfüqar oğlu Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri seçilib, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi təsdiq edilib.