REGİONLAR
Yardımlı gəncləri orduya dəstək məqsədilə cəbhəyə istifadəsiz avtomobil şinləri göndəriblər
Yardımlı, 2 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ordusu hər gün cəbhədə yeni qələbələr qazanmaqda davam edir. Şanlı Ordumuz 30 ildir düşmən tapdağı altında qalan torpaqlarımızı qısa müddət ərzində işğaldan azad etməkdədir. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar nəticəsində düşmən ordusu ağır məğlubiyyətə düçar olub. Hər gün Azərbaycan bayrağı işğaldan azad olmuş yeni-yeni yaşayış məntəqələrində ucalır. Azərbaycan Ordusu bu haqq yolunda apardığı savaşda döyüş taktikası ilə bütün dünyaya öz gücünü nümayiş etdirir.
Bunu Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Müzəffər Ali Baş Komandanın Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdiyini vurğulayan A.Alışov düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarının dövlətimizin başçısı üçün ən ali dəyər olduğunu diqqətə çatdırıb.
Vətənin bu çətin günündə Yardımlı rayonundan olan gənclərin “Orduya dəstək” kampaniyası çərçivəsində aksiya keçirdiyini söyləyən idarə rəisi, şəhid Məharət Mirzəyevin oğlu Arzu Mirzəyevin təşkilatçılığı ilə cəbhəyə istifadəsiz avtomobil şinlərinin və əsgərə lazım olan ləvazimatların toplanıb göndərilməsi kampaniyasına başlandığını, aksiya çərçivəsində istifadəsiz avtomobil şinləri yüklənmiş 6 ədəd “Şaqman” yük maşınının cəbhəyə göndərildiyini bildirib.
O daha sonra deyib: “Hazırda aksiya davam edir. Rayon gənclərinin təşəbbüsü ilə ərzaq, isti paltar, əlcək, corab və məişətdə işlədilən digər əşyalar cəbhəyə yola salınıb. Bu tədbirlərlə yanaşı, döyüşlərdə yaralanan hərbçilərimiz də gənclərimiz tərəfindən ziyarət olunur. Cəbhəyə könüllü olaraq gedən gənclərimizin ailələri diqqətdə saxlanılır, onların ailələrinə rayondan kənarda yaşayan iş adamlarının ayırdıqları yardımlar çatdırılıb”.
Anar Alışov söhbətini nikbin notlarla tamamlayıb: “Artıq Rəşadətli Azərbaycan Ordusu tərəfindən Qarabağ torpaqlarına olan həsrətə son qoyulur, tarixi ədalət bərpa edilir, Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqları geri qaytarır. İnanırıq ki, Rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək, Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada və işğaldan azad olunan digər yaşayış məntəqələrimizdə dalğalanacaq! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.