ELM VƏ TƏHSİL


Yardımlı kurqanlarında arxeoloji qazıntılar aparılır

Bakı, 28 sentyabr, AZƏRTAC 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası rayonun Alar və Arvana kəndlərində Son Tunc - İlk Dəmir dövrünə aid kurqanlarda arxeoloji qazıntılar aparır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya Alar kəndindəki Sarıbulaq yaylaqlarında 2014-cü ildə aşkarladığı kurqanlarda qazıntı işlərini davam etdirir. Builki tədqiqatlar zamanı kamerası daş qutu tipli olan kurqanın örtüyündən dən daşı alətinin fraqmentləri və dəfn kamerasındakı insan qalıqlarının yanından isə saxsı qablar, tuncdan müxtəlif bəzək əşyaları, toxuculuqda istifadə olunan iy başlığı (əyircək) tapılıb.

Digər kurqanda aparılmış arxeoloji qazıntılar nəticəsində isə qurbangah aşkar edilib. Qurbangahda 1,6 metr dərinlikdən müxtəlif saxsı fraqmentləri, ocaq izləri və kömür qalıqlarının tapılması burada konkret olaraq insan dəfninin deyil, ritual dini ayinlərin icra edildiyi faktını ortaya çıxarır. Məhz əvvəlki illərdə də qazılmış bir neçə kurqanda insan dəfninə rast gəlinməməsi bilavasitə Sarıbulaq kurqan çölündə bəhs olunan dövrdə məskunlaşmış əhalinin yarımköçəri yaylaq maldarlığı ilə məşğul olduğunu və bu baxımdan mövsümi dəfnlərin icra edildiyini göstərir.

Müqayisəli təhlillərə əsasən bu abidələr Dəmir dövrünə - e.ə. VIII-VII əsrlərə aid edilir.

Ekspedisiya, eyni zamanda, Dərəkeçməz, Savaş və Şahnişin yaylaqlarında Dəmir dövrünə aid yeni abidələr qeydə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.