REGİONLAR
Yardımlı məktəblisi: Tur-aksiya bizə bölgələrimizlə yaxından tanış olmaq imkanı yaradır
Qusar, 17 mart, Elxan Yusifli, AZƏRTAC
Ekskursiyamızın proqramı elə hazırlanıb ki, gəzdiyimiz rayonların tarixi yerləri, təbiət mənzərələri, həm də yeni infrastruktur layihələri ilə tanış olmaq imkanı qazanırıq. Maraqlı məkanları gəzdikdən sonra axşamlar bir yerə toplaşıb intellektual oyunlar oynayırıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Mirsadıq Mirzəzadə söyləyib.
Yardım rayon Perimbel kənd tam orta məktəbin şagirdi deyib: “Qusarın Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq hər bir şagirdin tanımalı olduğu yerlərdir. Dağlıq ərazilər çox xoşuma gəlir, xüsusən “Şahdağ” Turizm Mərkəzi. Tur-aksiya bizə bölgələrimizlə yaxından tanış olmaq imkanı yaradır. Həmçinin ekskursiya zamanı yeni dostlar qazanmışam”.