CƏMİYYƏT
Yardımlı rayon sakinindən beş kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanıb
Bakı, 2 avqust, AZƏRTAC
Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Zevin kənd sakini Ramil Beybudov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən 3 kiloqrama yaxın tiryək, 2 kiloqram 83 qram çəkidə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə - metamfetamin və 48 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı R.Beybudovun narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi və ayrı-ayrı şəxslərə çatdırılmasını planlaşdırdığı müəyyən olunub.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.