CƏMİYYƏT
Yardımlı rayonunda baş verən yanğın söndürülüb
Bakı, 6 iyul, AZƏRTAC
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində hazırda alov müşahidə olunmur, ayrı-ayrı yerlərdə tüstülənmə qeydə alınır, ərazi nəzarətdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tüstülənmənin qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, iyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, həmçinin yerli icra hakimiyyəti nümayəndələri və rayon sakinləri kömək göstəriblər.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN təbiətdə olarkən odla ehtiyatlı davranmağın, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırır.