REGİONLAR


Yardımlı rayonunda fermerlərlə görüş keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Bu il Yardımlı rayonunda 3500 hektar sahədə taxıl əkilib. Rayonda taxıl əkinləri ənənəvi olaraq dəmyə sahələrdə aparılır. Əvvəllər rayon sakinləri biçin dövründə texnika çatışmazlığı problemi ilə üzləşsələr də, son iki ildə bu çətinlik tam aradan qalxıb. Ölkəmizə “Aqroservis” ASC tərəfindən gətirilmiş ən müasir dağ kombaynları çətin relyefli ərazilərdə vaxtında və itkisiz biçin həyata keçirməyə imkan verir. 6 ton bunkeri olan kombayn 32 dərəcə hündürlük, 38 dərəcə meyllilikdə və 25 faiz nəmlikdə biçin apara bilir. Artıq iki ildir ki, Lerik, Yardımlı, Cəlilabad, Şəmkir, Tovuz, Gədəbəy, Şəki, Qusar, Xızı rayonlarının dağlıq ərazilərində bu cür kombaynlarla biçin həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Yardımlı rayonunda fermerlərlə görüşdə deyib. Onun sözlərinə görə, tam kompüterləşdirilmiş bu kombaynlar əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb olunmasına şərait yaradır. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarını daha da inkişaf etdirməyə imkan verəcək.

Bildirilib ki, qlobal iqlim dəyişikliyi və atmosfer yağıntılarının azalması dəmyə əkinlərə kifayət qədər mənfi təsir göstərir. Bununla belə aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması sahələrdən əvvəlki illərdə olduğu qədər məhsul götürməyə imkan verir. Bu baxımdan digər rayonlarda olduğu kimi, lerikli fermerlər də sahələrdə texnoloji xəritəyə uyğun olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirməlidirlər. Taxılçılıqda hazırda ən mühüm aqrotexniki qulluq tədbirlərindən biri gübrələmə prosesini başa çatdırmaq, zərərvericilərə qarşı mübarizə aparmaqdır. Alaq otlarına qarşı mübarizənin vaxtında aparılması məhsuldarlığın aşağı düşməsinin qarşısını alır, yekun nəticədə fermer daha bol məhsul əldə edir.

Bu il Lerikin taxıl sahələrində də fermerlər karbamid gübrəsindən daha çox istifadə edirlər. Gübrələmə prosesində builki fərqli yanaşma, taxılın inkişafına öz müsbət təsirini göstərir. Düzgün toxum seçimi, gübrənin sahələrə normativlərə uyğun verilməsi vacibdir və bununla bağlı fermerlər arasında maarifləndirmə işləri il boyu davam edir.

Fermerlərlə görüş zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.