REGİONLAR
Yardımlı rayonunda sənaye məhsulu istehsalı artıb
Bakı, 29 iyul, AZƏRTAC
Yardımlı rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 3 milyon 124,6 min manatlıq və ya faktiki qiymətlərlə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, sənaye sahəsi üzrə məhsul buraxılışı və xidmətlərin həcmi dövlət sektorunda 854,7 min manat olmaqla 27,3 faiz, qeyri-dövlət sektorunda isə 2 milyon 269,9 min manat olmaqla 72,7 faiz təşkil edib. Sənaye məhsulunun 72,7 faizi emal sektorunda, 20,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 6,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub və ya xidmətlər göstərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye sektorunda istehsal və xidmətlərin ümumi həcminin artım sürəti sənaye indeksi nəzərə alınmaqla 112,1 faiz, o cümlədən emal sənayesi sektorunda 70,9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 107,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 127,9 faiz təşkil edib.