REGİONLAR
Yardımlı şəhərində 180 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
Masallı, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 16-da Yardımlı şəhərində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inşa edilmiş 180 şagird yerlik, ikimərtəbəli yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vidadi Nəbiyev adına Yardımlı şəhər 4 nömrəli tam orta məktəb üçün köhnə tikilinin yerində inşa edilmiş yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb.
Təhsil Nazirliyinin sifarişi ilə “SH” tikinti şirkəti tərəfindən 2020-ci ilin iyul ayında inşasına başlanılan yeni tədris müəssisəsi 26 otaqdan ibarətdir.
Yeni məktəb binasında akt və idman zalları, kitabxana, kimya, informatika və texnologiya kabinetləri, hərbi otaq, bufet, tibb otağı müəllim və şagirdlərin istifadəsinə verilib.
Məktəbin həyətində mini-futbol meydanı inşa edilib.
Yeni təhsil ocağı su, işıq və istilik sistemi ilə təmin olunub. Əraziyə isti asfalt döşənib, həmişəyaşıl və meyvə ağacları, gül kolları əkilib.
Məktəb binasının açılış mərasimində Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, məktəbin direktoru Miralim Səmidov və 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov iştirak ediblər.
Tədbir iştirakçıları yeni tədris müəssisəsində yaradılan şəraitlə yaxından tanış olublar.