REGİONLAR


Yardımlıda bal süzümünə başlanılıb

Yardımlı, 17 iyul, Bağır Əliyev, AZƏRTAC

Dağlar diyarı olan Yardımlı rayonunda əhalinin bir qismi arıçılıqla məşğul olur. Əsrarəngiz təbiəti, zəngin bitki örtüyü, nadir dərman bitkiləri bu yerlərdə təbii bal istehsalına böyük imkanlar açır. Rayonda 400-dək arıçı təsərrüfatlarında 6 minədək arı ailəsi saxlayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin cənub bölgəsinin aran zonasında bal süzümü başa çatsa da, dağlıq ərazidə yerləşən Yardımlıda bir neçə gündür bal süzümünə başlanılıb.

Rayonun Perimbel kənd sakini, 16 ildir arıçılıqla məşğul olan Mirhümbət Səmədovun təsərrüfatında 205 arı ailəsi var. Arı ailələrinin bir qismi Biləsuvarda olan M.Səmədovun Yardımlı dağlarında və ətəklərində yerləşdirdiyi arı ailələrinin sayı 100-dən çoxdur. O bildirib ki, bu il yaz mövsümü yaxşı keçdiyindən məhsuldarlıq da yaxşıdır. Bal süzmünü aparan arıçı hər pətəkdən 6-10 kiloqramadək bal götürür. Onun sözlərinə görə, məhsuldarlıq həm də arı ailəsinin güclü və ya zəif olmasından asılıdır.

Hər mövsüm Yardımlı rayonunun ərazisində olan arı pətəklərindən 1 tonadək məhsul tədarük etdiyini deyən arıçı balını demək olar ki, elə həmin il satıb qurtarır.

Ölkəmizdə arıçılığın inkişafına dövlət dəstəyinin artırılması rayonda arıçıların bu sahəyə marağını artırıb. Hər arı ailəsinə görə arıçılara 10 manat subsidiyanın verilməsi onlara işlərini yüksək səviyyədə qurmağa, fəaliyyətlərini genişləndirməyə imkanlar yaradıb.

Arıçı Elsevər Feyziyev isə bir neçə ildir ki, yerli alıcılarla yanaşı, xarici ölkələrdən də sifarişlər alır.

Ötən il Yardımlı rayonunda 60 tonadək bal tədarük edən arıçılar bu il istehsalın artacağını proqnozlaşdırırlar.

Yardımlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, keçən il rayonda 355 subyekt üzrə 5793 arı ailəsinə subsidiya ödənilib. Bu il isə 67 kənddə qeydiyyatdan keçən 5327 arı ailəsinə subsidiyaların verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.