REGİONLAR
Yardımlıda dəyirmi masa: “Qarabağın döyünən ürəyi”
Yardımlı, 15 fevral, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli” çərçivəsində “Qarabağın döyünən ürəyi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları, rayonun Köryədi kənd tam orta məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəyirmi masada çıxış edən Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlər barədə iştirakçılara məlumat verib.
Z.Məmmədzadə çıxışında, həmçinin Şuşa şəhərinin 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunması və 28 illik işğal müddətində mədəniyyət abidələrimizin düşmənlər tərəfindən dağıdılmasından danışıb, ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycanın gözü” adlandırılan bu tarixi şəhərin 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad olunduğunu diqqətə çatdırıb.
Sonra Mərkəzin əməkdaşı Elşən Abışov və Köryədi kənd tam orta məktəbinin müəllimi Elgün Ağamirzəyev mövzu ilə bağlı çıxış ediblər.
Sonda “Şuşa” sənədli filmi nümayiş olunub, məktəblilərin əl işlərindən ibarət “Şuşa-270” sərgisinə baxış keçirilib.