REGİONLAR


Yardımlıda heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

Bakı, 24 may, AZƏRTAC

Yanvar ayının ilk günlərindən başlayaraq Yardımlı rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tövsiyə olunur. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəriüstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə də ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Yardımlı rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

İlin əvvəlindən bəri rayonda Xankişi Mirzəyevə məxsus “Göyərçin” fermer təsərrüfatında saxlanılan 50 baş iribuynuzlu və 400 baş xırdabuynuzlu heyvanda qarayara, dabaq və cavan heyvanlarda bruselyoz xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə aparılıb. Hazırda xırdabuynuzlu heyvanlarda çiçəyə və iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı vaksinasiya tədbirləri və dezinfeksiya işləri görülür.

Həmçinin cari ilin müvafiq dövründə Yardımlı rayonunda 28522 baş iribuynuzlu, 85059 baş xırdabuynuzlu, 2403 baş təkdırnaqlı heyvanda qarayara, 2889 baş sahibli itdə quduzluq, 1965 baş iribuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövrdə 130862 baş (“H” ştammı ilə) quş və 198778 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 1667 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Yardımlı rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında həm də dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri icra edilir. Artıq 28631 baş iribuynuzlu və 85672 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Yardımlı Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 28511 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi icra olunub. Bu müddətdə həm də 5900 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 3835 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə olunub, eləcə də 3188 baş iribuynuzlu heyvanda vərəmə qarşı, 1737 baş təkdırnaqlı heyvanda manqo xəstəliyinə görə diaqnostik müayinə aparılıb. Eyni zamanda, ilin əvvəlindən indiyə kimi rayon baytarlıq idarəsi 8657 baş iribuynuzlu, 5940 baş xırdabuynuzlu heyvanlarda ektoparazitlərə qarşı tədbirlər görüb.

Yardımlı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.