REGİONLAR
Yardımlıda koronavirus infeksiyası ilə mübarizə məqsədilə əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir
Yardımlı, 27 iyul, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Yardımlı rayonunda da əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.
Rayonda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı vaxtaşırı olaraq maarifləndirmə tədbirləri keçirilir.
Bu məqsədlə rayonda keçirilən tədbirlərdə mobil qrupların üzvləri və könüllülər fəallıq nümayiş etdirirlər.
Əhalinin daha sıx şəkildə toplaşdığı ünvanlarda, ictimai məkanlarda insanlarla maarifləndirici söhbətlər aparılır, onlara tibbi maskalardan istifadə etməyin vacibliyi barədə müvafiq məlumatlar verilir.
Aksiya çərçivəsində, həmçinin sakinlərə tibbi maskalar, tibbi əlcəklər və koronavirus infeksiyasından qorunmaq üçün məlumat kitabçaları paylanılır.
Rayonda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində vaxtaşırı olaraq reydlər keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparılır.
Keçirilən reydlər zamanı vətəndaşlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur.