REGİONLAR
Yardımlıda koronavirusa qarşı tibbi-profilaktik tədbirlər davam etdirilir
Yardımlı, 28 mart, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Yardımlı rayonunda həyata keçirilən tibbi-profilaktik tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyətində qərargah yaradılıb, ərazi icra nümayəndəliklərində təşkil edilmiş könüllülər qrupları vasitəsilə əhali, xüsusilə yaşı 65-dən yuxarı olan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır.
Eyni zamanda, şəhərin prospekt və küçələrində, səkilərdə, park və xiyabanlarda, yaşayış binalarının həyətləri və bloklarında, idarə və müəssisələrdə koronavirus əleyhinə tibbi-profilaktik tədbirlər, dezinfeksiya işləri aparılır.