REGİONLAR
Yardımlıda mal-qaranın baş sayı artıb
Yardımlı, 14 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda aqrar bölmənin aparıcı sahələrindən biri də heyvandarlıqdır. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən məhsul istehsalçılarına verilən subsidiyalar, güzəştli kreditlər rayon sakinlərinin bu sahənin inkişafına marağını artırıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu ilin əvvəlinə rayonda iribuynuzlu mal-qaranın sayı 29006 baş, o cümlədən inək və camışların sayı 14832 baş, qoyun və keçilərin sayı isə 87977 baş olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı 26, o cümlədən inək və camışların sayı 27 baş artıb.
Rayonda 35 min 794 sentner diri çəkidə ət, 243 min 731 sentner süd, 16250 min ədəd yumurta, 1591 sentner yun istehsal olunub.
Heyvandarlıq məhsullarının istehsalında rayonun Peştəsər, Şiləvəngə, Aşağı Astanlı, Çayüzü kənd inzibati ərazi dairələrində əhali təsərrüfatları, hüquqi şəxslər arasında isə “Bəhrəli” kooperativi, “Mehdi”, “Amil” və “Arzu” kəndli fermer təsərrüfatları daha yüksək nəticələr əldə ediblər.