REGİONLAR


Yardımlıda mal-qaranın cins tərkibi yaxşılaşdırılır VİDEO

Yardımlı, 26 fevral, İsmayıl Cəfərli, AZƏRTAC

Kənd təsərrüfatı rayonu olan Yardımlıda heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən məhsul istehsalçılarına verilən subsidiyalar, güzəştli kreditlər rayon sakinlərinin heyvandarlığın inkişafına marağını daha da artırıb.

AZƏRTAC xəbər verir ki, süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən maldarlara 100 manat subsidiya verilməsi və digər tədbirlərin həyata keçirilməsi təsərrüfat sahiblərini mal-qaranın cins tərkibini yaxşılaşdırmağa həvəsləndirib.

Belə təsərrüfatçılardan biri də Həmdulla Qayıbovdur. O bildirib ki, süni mayalanmada əsasən “Simmental” cinslərdən istifadə olunur: “Hazırda bu il cinsi yaxşılaşdırılmış 5 baş buzov doğulub. Bu heyvanlar məhsuldar cinslərdən götürülmüş toxumlarla mayalandırılıb. Cins tərkibi dəyişib, məhsuldar cins olub. Bu da gələcəkdə rayon ərazisində heyvandarlıq təsərrüfatında bu cinslərin artmasına səbəb olacaq”.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, hazırda rayonda saxlanılan 14 min 832 baş inəkdən bu il 185-i süni mayalanmadan keçirilib və yaxşı nəticələr əldə olunub. Ötən il süni mayalanma yolu ilə doğulmuş buzovlara görə rayon maldarlarına, ümumilikdə, dövlət tərəfindən 14 min 500 manat subsidiyanın verilməsi təmin edilib.

Süni mayalanma mütəxəssisi Şahmalı Nəzərov bildirib ki, mayalandırılan 185 baş iribuynuzlu qaramalın hər birindən cinsi yaxşılaşdırılmış sağlam buzov alınıb. Mayalanmış heyvanlardan əkiz balalar da alınıb. Süni yolla mayalanan 185 baş heyvandan 196 baş buzov əldə olunub. Bu cinslər keyfiyyətli, ətlik və südlük istiqamətlidir”.

Qeyd edək ki, Yardımlı rayonunda 4279 sahibkar maldarlıq təsərrüfatı ilə məşğul olur. Süni mayalanma mütəxəssisləri heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.