REGİONLAR
Yardımlıda min hektara yaxın sahədə herik şumu aparılıb
Yardımlı, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda kənd təsərrüfatı məhsullarının yay yığımı kampaniyası davam edir. Bu ilin məhsulu üçün rayonda 4097 hektar sahədə dənli və paxlalı bitkilərinin biçini aparılaraq hər hektardan orta hesabla 21,5 sentner olmaqla, 8800 ton taxıl məhsulları istehsal olunub.
AZƏRTAC-ın bölgə müxbirinə bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.
Bildirilib ki, indiyədək 891,9 hektar kartof sahəsinin 841,7 hektarının məhsulu toplanaraq hər hektardan 92,8 sentner olmaqla 7811 ton kartof, 187,8 hektar tərəvəz sahəsinin 162,5 hektarının məhsulu toplanaraq hər hektardan 122,8 sentner olmaqla 1995 ton müxtəlif növ tərəvəz məhsulları yığılıb.
Rayonun 31,5 hektar tütün sahəsində bol məhsul yetişdirilib. İndiyədək 4,4 ton quru tütün məhsulu qəbul məntəqəsinə təhvil verilib.
Yardımlıda məhsul yığımı ilə paralel olaraq, 2021-ci ilin məhsulu üçün 1000 hektara yaxın ərazidə herik şumu aparılıb.