REGİONLAR
Yardımlıda payızlıq şumun vaxtında aparılması üçün texnika sarıdan problem yoxdur FOTO VİDEO
Yardımlı, 5 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Yardımlıda taxıl zəmilərindən bol məhsul götürən fermerlər payızlıq əkin üçün şum işlərini davam etdirirlər. Payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasına avqustun 15-dən başlanılıb.
AZƏRTAC xəbər verir ki, birinci şum sentyabrın sonuna kimi davam edəcək. Daha sonra isə ikinci şum aparılacaq və səpin həyata keçiriləcək.
Rayonda cəmi 12 min hektar əkinəyararlı torpaq sahəsi var. Hər il 3500-4000 hektara yaxın payızlıq buğda əkilir.
Fermer Özüxan Cəfərov bildirib ki, iki hektara yaxın torpaq sahəsi var. Hazırda bu sahəni payızlıq əkin üçün şumlatdırır. “Texnikamız təzədir. Heç bir çətinliyimiz yoxdur. İnşallah, buğda əkməyi planlaşdırırıq. Toxum sarıdan da çətinliyimiz yoxdur. Dövlətimiz var olsun, fermerlərin yanındadır, öz köməyini göstərir”, - deyə o qeyd edib.
Yardımlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, şum zamanı texnika sarıdan problem yoxdur. Fermerlər və torpaq mülkiyyətçiləri bu işi vaxtında və keyfiyyətlə başa çatdıracaqlar.
“Bu günə kimi Yardımlı rayonu ərazisində təqribən 1000 hektara yaxın payızlıq şum qaldırılıb. Sentyabr ayının ilk ongünlüyündən payızlıq buğda və arpa əkininə başlanılacaq. Hazırda fermerlərimizin şum aparması üçün texnika çatışmazlığı yoxdur. Şirkətlər tərəfindən toxumluq buğda gətirilib və fermerlər “Fermer kartı”larında olan vəsait hesabına onlardan istifadə edirlər”, - deyə mərkəzin baş məsləhətçisi Taleh İbayev əlavə edib.
Qeyd edək ki, Yardımlı rayonunda şum işləri ilə yanaşı, payızlıq taxıl əkininə hazırlıqla bağlı digər tədbirlər də görülür.