REGİONLAR
Yardımlıda sahələrdən 13,9 ton yaş tütün yığılıb
Yardımlı, 6 avqust, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda ənənəvi təsərrüfat sahələrindən biri də tütünçülükdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sovetlər dönəmində Yardımlıda 320 hektar sahədə tütün əkilib. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə 2016-cı ildə yenidən dirçəlməyə başlayıb. İlkin mərhələdə 10 hektarda tütün əkilib. Ötən il rayonda 55 hektar sahədən 43,2 ton qurudulmuş tütün tədarük olunub.
Hazırda Yardımlıda tütün yığımı kampaniyası davam edir. İndiyədək 31,5 hektar sahədən 13,9 ton yaş tütün yığılıb. Bunun 1,9 tonu qurudularaq tədarük məntəqələrinə təhvil verilib.
Rayonun Orakəran kəndində 8 kameralı tütün qurutma kamerası fəaliyyət göstərir. Sahələrdən yığılan yaş tütün məhsulu burada qurudulduqdan sonra tədarük məntəqələrinə göndərilir.
Qeyd edək ki, ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280, yaş tütünün 1 tonunun qəbuluna görə 5, bir ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir.