REGİONLAR
Yardımlıda şəhid Zahid Zairlinin xatirəsinə bulaq istifadəyə verilib VİDEO
Yardımlı, 12 may, İsmayıl Cəfərli, AZƏRTAC
Yardımlıda Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin snayperçisi Zahid Zairlinin adını daşıyan bulağın açılışı olub. Mərasim iştirakçıları şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salıb, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, anım mərasimində iştirak edən rayon rəhbərliyi, ziyalılar, şəhid ailələri, ictimaiyyətin nümayəndələri əvvəlcə Yardımlı rayonunun Dəlləkli kəndinin girişində şəhidlərin xatirəsinə yaradılmış kompleksi ziyarət edərək, önünə gül dəstələri qoyub, igid Vətən övladlarının xatirəsini yad ediblər.
Daha sonra doğulduğu kənddə şəhid Zahid Zahirlinin adına inşa edilmiş bulağın açılışı olub. Karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən mərasimdə çıxış edənlər igid döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, 2000-ci ildə dünyaya göz açmış Zairli Zahid Azad oğlu əsgəri xidmətdə olan zaman 25 əsgərin arasından seçilərək xüsusi təyinatlı dəstənin heyətinə qəbul edilir. O, tez bir zamanda çevikliyi, cəsurluğu, mərdliyi ilə qabaqcıl əsgərlər sırasına keçərək, baş snayperçi vəzifəsinə yiyələnmişdi. Vətən müharibəsi başlayanda tərkibində Zahidin də olduğu xüsusi təyinatlılar dörd gün ərzində Murov yüksəkliyini fəth etdilər.
Şəhidin atası Azad Zairov deyib: “Bu bulağı tikdirdim ki, bütün şəhidlərin adına ehsan olsun. Nə qədər imkanım var, o qədər şəhidlər üçün belə xeyriyyə işi görəcəyəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə möhkəm cansağlığı versin. Arzum budur ki, bir də müharibə olmasın. Həmişə əmin-amanlıq olsun”.
Oğlu ilə fəxr edən şəhid anası Rübabə Mahmudova isə bildirib ki, Zahid vətənpərvər uşaq idi: “Belə vətənpərvər uşaq böyütdüyümə görə fərəhlənirəm. Bu gün bulaq istifadəyə verildi. Yayda bu yolla gedib gələnlərə bulağın suyu ehsan olsun. Çox şükür torpaqlarımız alındı, şəhidlərimizin qanı yerdə qalmadı. O torpaqlara rahat gedə biləcəyik. Zahid kimi şəhidlərimiz bu firavanlığı bizə bəxş edib getdilər. Allah onlara rəhmət eləsin”.
İgid hərbçimiz Suqovuşan, Hadrut, eləcə də Füzuli və Cəbrayıl rayonlarının düşməndən azad edilməsində böyük şücaət göstərib. Zahid öz snayperi ilə düşmənin qorxulu kabusuna çevrilərək xeyli erməni əsgər və zabitini məhv edib. O, oktyabrın 8-də Cəbrayıl rayonunda gedən qızğın döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edərkən snayperlə ürəyindən vurularaq qəhrəmancasına şəhidlik məqamına ucalıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Zahid Zairli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.