REGİONLAR
Yardımlıda şəhidlərin xatirəsinə inşa olunmuş bulaq istifadəyə verilib
Yardımlı, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 27-də Yardımlı rayonunda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Sahratov Cavid Əlikömək oğlunun və Qarayev Amal Ədalət oğlunun xatirəsinə inşa olunmuş bulaq istifadəyə verilib.
Açılış mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri və doğmaları, qazilər, şəhidin hərbçi yoldaşları, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Cavid Sahratovun və Amal Qarayevin şərəfli həyat yolundan danışıblar.
Sonra bulağın açılışı olub.