REGİONLAR


Yardımlıda taxıl biçininə hazırlıq işləri başa çatıb

Yardımlı, 3 iyun, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunda taxıl biçininə hazırlıq işləri başa çatıb. İlkin mərhələdə taxıl biçini nisbətən dağətəyi ərazilərdə arpa sahələrində aparılacaq.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.

Bildirib ki, ötən ilin payızında rayonda 3,4 min hektar sahədə taxıl əkilib. Bunun 0,1 min hektarı arpa, 0,1 min hektarı çovdar, 3,2 min hektarı isə buğda təşkil edir.

2019-cu ildə taxıl sahələrində hər hektara 22,5 sentner məhsul götürən istehsalçılar cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, mineral və üzvi gübrələrdən istifadə etməklə ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə, sahələrdə bol məhsul yetişdirilib.

Qeyd olunub ki, əsas diqqət biçin kampaniyasının vaxtında başa çatdırılmasına yönəlib. Dənli bitkilərin biçilməsini həyata keçirəcək istehsalçıların texnika sarıdan çatışmazlığının aradan qaldırılması üçün biçin kampaniyası növbəlilik əsasında aparılacaq. Bu məqsədlə rayonda mövcud olan və sahələrə çıxarılacaq kombaynlar saz hala gətirilib, presbağlayanlar, məhsulun daşınması üçün maşın və mexanizmlərin dislokasiyası dəqiqləşdirilib.

Diqqətə çatdırılıb ki, biçin kampaniyasının operativ təşkili nəticəsində gün ərzində orta hesabla 300 hektar sahədə biçin aparılması və hər hektardan təxminən 22,5 sentnerdən çox məhsul yığılması proqnozlaşdırılır.

Kənd təsərrüfatı mütəxəssislərinin verdiyi proqnoza görə, bu il rayonda təxminən 8 min tondan çox taxıl istehsalı mümkün olacaq.

Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtkü yağlarına görə güzəştlərin edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi rayonda taxılçılığın inkişafına təkan verib.

Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayonda operativ qərargah yaradılıb. Mütəxəssislərin də cəlb olunduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur.

Taxıl məhsulunun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.