REGİONLAR
Yardımlıda tələbə adını qazanmış gənclərdən 58 nəfəri müəllimlik peşəsini seçib
Yardımlı, 23 avqust, Bağır Əliyev, AZƏRTAC
Bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı Yardımlı rayonunun məzunlarından 1 nəfəri 600-dən, 13 nəfəri isə 500-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Yardımlı Rayon Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbə-gənclərlə keçirilən görüşdə məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.
Görüşdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib. Ölkəmizdə, o cümlədən Yardımlı rayonunda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan A.Əsgərov bildirib ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıraları ildən-ilə artır.
Görüşdə rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin builki qəbul imtahanlarının nəticələri barədə məlumatı dinlənilib.
Qeyd olunub ki, 2018/2019-cu tədris ilində Yardımlı rayonunun ümumtəhsil məktəblərində IX siniflər üzrə imtahanlara buraxılan 602, XI siniflər üzrə imtahanlara buraxılan 572 şagirdin hamısı təhsil haqqında attestat alıb. Onlardan 284 nəfəri ölkəmizin ali məktəblərinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə sənəd verib. Ümumilikdə, məzunlardan 168 nəfəri ali məktəblərə, 100 nəfəri isə orta-ixtisas məktəblərinə daxil olub. Ali məktəblərə qəbul olanların 32 nəfər ötən ilin məzunlarıdır.
Tələbə adını qazanmış məzunlardan 58 nəfəri müəllimlik peşəsinə üstünlük verib. Məzunlardan 2 nəfəri Ali Hərbi Akademiyaya, 1 nəfəri isə C.Naxçıvanski adına hərbi liseyə daxil olub.
Çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Sonda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.