REGİONLAR
Yardımlıda yaşı 65-dən yuxarı olan insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilib
Yardımlı, 11 aprel, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Yardımlı rayonu ərazisində xüsusi karantin rejimi qaydaları çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq “Evdə qal!” kampaniyası çərçivəsində yaşı 65-dən yuxarı olan insanlara, həmçinin aztəminatlı və imtiyazlı ailələrə ərzaq bağlamaları paylanılıb.
Aksiya zamanı rayon icra hakimiyyətinin əməkdaşları vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırıblar.
Xeyriyyə aksiyasını razılıqla qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.