REGİONLAR


Yardımlıda yeni üzüm bağları salınır VİDEO

Yardımlı, 10 fevral, İsmayıl Cəfərli, AZƏRTAC

Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin edilməsi, o cümlədən aqrar sektorda üzümçülüyün dinamik inkişafı ölkənin əsas prioritetlərindən hesab olunur. Bu baxımdan 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə şərabçılığın inkişafına dair dövlət proqramları ölkəmizin üzümçülüyə dair aqrar siyasətini və strategiyasını formalaşdıran mühüm sənədlərdir. Respublikamızda üzümçülük zəngin inkişaf yolu keçib. Hazırda bir çox bölgələrdə yeni üzüm plantasiyalarının salınması diqqət mərkəzindədir. Vaxtilə ölkəmizdə üzümçülüyün inkişafı sahəsində qazanılan uğurlarda Yardımlı rayonunun da payı olub.

AZƏRTAC xəbər verir ki, sovetlər dönəmində rayonda hektarlarla sahədə yüksək məhsuldar üzüm bağları mövcud idi. Hətta Yardımlıda iki üzümçülük zavodu da fəaliyyət göstərib. Lakin o dövrdə aparılan antialkoqol kampaniyası nəticəsində üzüm bağları kortəbii şəkildə məhv edilib və bu gəlirli sahə, bir növ, sıradan çıxarılıb. Uzun illərdən sonra Yardımlı rayonunda yenidən üzümçülüyün dirçəldilməsinə başlanılıb.

Yardımlının Gavran kəndində üzüm bağında söhbət etdiyimiz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Bilal Fərruxov bildirib ki, son illər fermerlərin üzüm sahəsinə olan marağı artıb: “Rayonda üzümçülüyü yenidən inkişaf etdirmək istəyirik. Yardımlının torpaq-iqlim şəraiti üzümçülük üçün əlverişlidir. Buna görə də fermerlərin bu sahəyə marağı ildən-ilə artır”.

Onun sözlərinə görə, ucqar dağ rayonu olan Gavran kəndində yeni salınan üzüm bağı hələ ki, məhsula düşməyib. Lakin növbəti illərdə bu bağdan 10 ton məhsul götürüləcəyi planlaşdırılır.

Üzüm bağının sahibi Əhməd Əliyev deyib ki, bağın ərazisi 1 hektardır. “Var olsun, dövlətimiz. Daim fermerlərin yanındadır. Çoxdan idi üzüm bağı salmaq istəyirdim. Bu bağda Moldovadan gətirdiyim süfrə üzüm sortu əkmişəm. İki ildir bağa qulluq edirik, bütün texniki qaydalara əməl olunur. Gələn ildən məhsul götürəcəyimizi düşünürəm”.

Hazırda rayonda 4 hektar sahədə, yerli şəraitə uyğunlaşmış üzüm tingləri əkilərək, yeni üzüm bağları salınıb. Əkilən üzüm tinglərinin bir hektarı Gavran, iki hektarı Şıxlar, bir hektarı isə Arus kəndi ərazisindədir. Tinglərin suvarılması üçün damcı üsulu ilə müasir suvarma sistemi qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.