REGİONLAR
Yardımlının Honuba-Şıxlar kəndində yeni tibb məntəqəsi açılıb
Yardımlı, 26 may, Bağır Əliyev, AZƏRTAC
Respublika Günü ərəfəsində Yardımlı rayonunun Honuba-Şıxlar kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində səhiyyə müəssisəsi üçün inşa edilən yeni binanın açılış mərasimində rayon rəhbərliyi, tibb işçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov sakinləri Respublika Günü və əlamətdar hadisə münasibətilə təbrik edib. O, rayonda sosial problemlərin həlli, ucqar dağ kəndlərində tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görüldüyü, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonda həyata keçirilən tikinti və abadlıq işləri barədə danışıb.
Tədbir iştirakçıları yeni tibb ocağında yaradılmış şəraitlə tanış olublar.