DÜNYA


Yarım il bundan əvvəl kansler Merkel almanlara xas olan dəqiqliyə nə üçün riayət etməmişdi?

Berlin, 17 aprel, AZƏRTAC

Böyük İyirmiliyin (G20) keçən il dekabr ayında Argentinada keçirilən sonuncu sammitinə kansler Angela Merkelin gecikməsi səbəbləri barədə artıq səngimiş şayiələr, deyəsən, təzədən güclənməyə başlayıb. Xatırladaq ki, o vaxt Merkel sammitin açılış mərasiminə gecikmiş və bu fakt hamını heyrətləndirmişdi.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, dünən AFR-in hökumət təyyarəsi ilə bağlı növbəti fövqəladə hadisə baş verməsi çox cəhətdən bu gün həmin şayiələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

İndi məlum olur ki, kanslerin almanlara xas olan dəqiqliyə riayət etməməsi o dəfə də təyyarənin texniki nasazlığı ilə bağlı olub. Məsələn, “Der Spiegel” nəşri yazır ki, dekabr ayında baş vermiş əhvalat çox cəhətdən “Lufthansa” şirkətinin təqsiri üzündən olub. Bundesverin uçuşların təhlükəsizliyinə cavabdeh olan bölməsinin məruzəsində göstərilir ki, “Lufthansa” hələ 2010-cu ildə hökumət təyyarəsində yeni kommunikasiya sistemi quraşdırılıb pilotlara və “Airbus” şirkətinə məlumat verməyi unudub. Bu səbəbdən, transformatorlardan birinin sıradan çıxması nəticəsində təyyarədəki elektronika vasitələrinin bir qismi dayanıb və bundan sonra yeni təlimatlarla tanış olmayan pilotlar həmin sistemi işə sala bilməyiblər. Nəticədə pilotlar dispetçerlərlə stasionar rabitə vasitələri ilə əlaqə saxlaya bilməyib və yerüstü xidmətlərlə peyk telefonu vasitəsilə əlaqə saxlamağa məcbur olublar. Bu isə ümumiyyətlə yolverilməzdir.

Xatırladaq ki, keçən il noyabrın 29-da içərisində Almaniya nümayəndə heyəti (o cümlədən kansler Angela Merkel və maliyyə naziri Olaf Şolts) olan “Konrad Adenauer” layneri Berlindən Argentinanın paytaxtına yola düşüb. Bir saatdan sonra elektrik təchizat sisteminin sıradan çıxması ilə əlaqədar hava gəmisi Niderland ərazisi üzərində geri dönməyə və Köln aeroportunda yerə enməyə məcbur olub. Bundan sonra nümayəndə heyəti Kölndən Madridə, oradan isə “İberia” aviaşirkətinin kommersiya reysi ilə Buenos-Ayresə uçub. Merkelin sammitin açılış mərasiminə gecikməsi də bununla bağlı olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.