İQTİSADİYYAT
Yarım ildə 846,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib
Bakı, 11 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında 846,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin analoji aylarına nisbətən faktiki qiymətlərlə 15 faiz, real ifadədə isə 4,7 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yarım ildə 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 0,8 faiz, təzə meyvə 51,9 faiz, kartof 15,5 faiz, bitki yağları 6,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2,6 dəfə, meyvə və tərəvəz konservləri 30,8 faiz, polietilen 9,5 faiz, emal olunmamış alüminium 22,5 faiz, pambıq lifi 14,4 faiz, qara metallardan borular 5,5 faiz, pambıq ipliyi 16,8 faiz, bentonit gili 0,1 faiz artıb, şəkər ixracı isə 48,4 faiz, meyvə və tərəvəz şirələri 12,1 faiz, tütün 13,3 faiz, çay 18,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 6,4 faiz, qara metallardan yarımfabrikatlar 75,6 faiz azalıb.
Ötən ilin eyni ayları ilə müqayisədə bu ilin yanvar-iyun aylarında buğda idxalı 22,2 faiz, bitki yağları 44,5 faiz, təzə meyvə 49,1 faiz, çay 13 faiz, qara metallardan borular 87 faiz, minik avtomobilləri 2,9 dəfə, polad prokatı 5,7 faiz, mineral gübrələr 85,4 faiz, qara metallardan çubuqlar 36,3 faiz, mebel 27,9 faiz, hesablama maşınları, blok və qurğuları 8,2 faiz, rezin şinlər 3,2 faiz, polietilen 65,2 faiz, məişət kondisionerləri 20,4 faiz, yük avtomobilləri 2,4 dəfə, paltaryuyan maşınlar 46,4 faiz, sement və sement klinkerləri 71,8 faiz, avtobuslar 9,1 faiz, məişət soyuducuları 2,2 dəfə artıb, siqaret idxalı isə 4,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 13,9 faiz, xam şəkər və şəkər 61,5 faiz, kartof 22,9 faiz, quş əti və onun əlavə məhsulları 3,2 faiz, mal əti 25,8 faiz, təzə tərəvəz 47,4 faiz, qara metallardan künclüklər 25 faiz azalıb.