REGİONLAR
Yarım ildə Beyləqanda ümumi məhsul buraxılışının həcmi 127,1 milyon manat olub
Beyləqan, 18 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 127,1 milyon manat təşkil edib. Əsas kapitala 33,1 milyon manat investisiya yönəldilib, 32,7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. Altı ay ərzində 568 daimi iş yeri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Beyləqan rayonunda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Hesabat məruzəsində bildirilib ki, ilin birinci yarısında rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan Olimpiya İdman Kompleksinin və Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi, 1941-1945-ci illərdə həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmiri davam etdirilib. Beyləqan şəhərinin S.Bəhlulzadə, Ə.Cavad, M.Ş.Vazeh, Ə.Əzimzadə, Z.Yaqub küçələrinə asfalt örtük salınıb. Rayonun İmamverdilər və Birinci Şahsevən kəndləri təbii qazla təmin olunub. Əmirzeyidli kəndinin qazlaşdırılmasında son tamamlama işləri aparılır.
Aqrar sahədən bəhs edilərkən qeyd edilib ki, hesabat dövründə 15 min 676 hektarda yazlıq bitkilər, o cümlədən 493 hektarda şəkər çuğunduru, 382 hektarda kartof, 1895 hektarda yonca, 128,5 hektarda tərəvəz, 416,5 hektarda bostan bitkiləri, 694 hektarda qarğıdalı, 864 hektarda soya, 86 hektarda lobya, 9 min 560 hektarda isə pambıq əkilib. İribuynuzlu heyvanların baş sayı 604 baş artaraq 58 min 751 başa, xırdabuynuzluların sayı isə 275 baş artaraq 301 min 203 başa çatıb, 5006 ton ət, 20,558 min ton süd, 578 ton yun istehsal olunub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb və onların həlli üçün təkliflər irəli sürülüb.