İQTİSADİYYAT
Yarım ildə paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2,8 faiz artıb
Bakı, 8 avqust, AZƏRTAC
Yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,8 faiz artaraq 9 milyard 505,8 milyon manata çatıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 2,8 faiz üstələyərək 9 milyard 502,1 milyon manat olub.
Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 33,1 manat daha çox vəsait xərcləyib.
Yanvar-iyunda pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni ayları ilə müqayisədə 2 faiz artaraq 4 milyard 359,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 5 milyard 146 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 54,1 faiz təşkil edib.
İlin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 39,6 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,4 faizi elektrik malları və mebelin, 2,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 7,3 faizi avtomobil yanacağının, 24 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 19,8 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə edilib.