İQTİSADİYYAT
Yarım ildə qeyri-neft qeyri-dövlət sektorunda əməkhaqqı fondunun artım tempi 11 faiz təşkil edib
Bakı, 28 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında qeyri-neft qeyri-dövlət sektorunda əməkhaqqı fondunun artım tempi 11 faiz olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, sosial sığorta yığımlarının vergi orqanlarına həvalə edilməsindən sonra yaranmış statistik mənzərəyə nəzər salsaq, son il yarımda bu artımın daha əhəmiyyətli olduğunu görə bilərik. 2019-cu il yanvarın 1-dən qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında artım 208,9 min təşkil edir. Qeyri-neft qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin cəmi əmək müqavilələrində xüsusi çəkisi 2018-ci ildəki 38,5 faizdən cari ilin 6 ayının yekunu üzrə 45,1 faizədək yüksəlib.
Əmək bazarında şəffaflaşma proseslərinin yüksək dinamikası əməkhaqqı fondunun həcminin böyüməsinə şərait yaratmaqla məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmaların yüksək artım dinamikasını şərtləndirir. 2019-cu ildə qeyri-neft qeyri-dövlət sektorunda əməkhaqqı fondunun artım tempi (29,1 faiz) əhalinin pul gəlirlərinin nominal artım tempini (7,4 faiz) əhəmiyyətli üstələyib, cari ildə də bu proses davam edib. Belə ki, bu ilin birinci yarısında qeyri-neft qeyri-dövlət sektorunda əməkhaqqı fondunun artım tempi 11 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirlərinin nominal artım tempi 0,6 faiz olub.