İQTİSADİYYAT
Yarım ildə sığorta ödənişlərinin məbləğinə görə "Qala Həyat" sığorta şirkəti lider olub
Bakı, 24 iyul, AZƏRTAC
Yarım il ərzində sığorta ödənişlərinin məbləğinə görə lider "Qala Həyat" sığorta şirkəti olub (16,1 milyon manat). Sonrakı yerləri tutan "PAŞA Sığorta"nın ödənişləri 14,1 milyon manat, "Atəşgah Həyat Sığorta"nın ödənişləri isə 8 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk beşliyi "Atəşgah Sığorta" (7,5 milyon manat) və "Azərsığorta" (6 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 56 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 52 milyon manat) düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.
Qeyd edilib ki, ən az ödəniş edən şirkətlər isə "Era-Trans" (121,5 min manat), "Günay Sığorta" (56,5 min manat), "İpək Yolu Sığorta" (21,6 min manat), "Çartis Azərbaycan" (39,8 min manat) və "Azərqarant" (1,6 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 241 min manat olub ki, bu da ödənişlərin 0,3 faizini təşkil edir.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 10-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manatadək, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.