ELM VƏ TƏHSİL
“Yarımçıq əlyazma”nın odisseyası davam edir
Bakı, 11 fevral (AZƏRTAC). Yazıçı Kamal Abdullanın postmodern üslubda qələmə aldığı “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi qarşılanmış, həm filoloji, həm də sosiomədəni səciyyə daşıyan diskussiyalar doğurmuşdur.
AZƏRTAC xəbər verir ki, bənzərsiz üslubu və yazı manerası ilə oxucuların könlünə yol tapan romanın odisseyası davam edir. “Yarımçıq əlyazma” (“The İncomplete Manuscript”) bu günlərdə ABŞ-ın nüfuzlu “Strategic Book Publishing and Riphts Agensy (SBPR)” nəşriyyatında nəfis tərtibatda çap edilmişdir.
“Yarımçıq əlyazma”nın ABŞ nəşrinin ön sözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə dünyada tanınmış mütəxəssis Maks Statkiyeviç yazmışdır.
Kitabı ingilis dilinə Azərbaycan və rus nəşrləri əsasında Anna Tomson tərcümə etmişdir. Nəşrin üz qabığında yer almış annotasiyada tanınmış ədəbiyyatşünas alimlər Maks Statkiyeviçin (ABŞ), Andrea Brinyonun (Fransa) və Niyazi Mehdinin (Azərbaycan) “Yarımçıq əlyazma” haqqında yazdıqları məqalələrdən kiçik çıxarışlar verilmişdir.
Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa kimi zəngin ədəbi ənənələri olan ölkələrdən sonra ABŞ-da işıq üzü görməsi bütövlükdə Azərbaycan ədəbiyyatının uğurudur.