MƏDƏNİYYƏT


“Yarımçıq xatirələr” filmi Penitensiar Xidmətin Mühafizə Alayında nümayiş olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin təşkilatçılığı ilə “Yarımçıq xatirələr” bədii filmi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında gənc əsgərlər üçün nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mühafizə alayının tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev qonaqları salamlayaraq filmin nümayişinin təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd edib ki, hərbi mövzuda lentə alınan filmlərin gənclər üçün göstərilməsi vətənpərvərlik ruhunun yüksəldilməsi amalına xidmət edir. Diqqətə çatdırılıb ki, filmin nümayişi Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə əlaqədar tədbirlər planı çərçivəsində həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və gənclər arasında milli kinomuzun təbliğ olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, nazirliyin kinematoqrafiya şöbəsi mütəmadi olaraq hərbi hissələrdə, məktəblərdə Milli Qəhrəmanlara həsr edilən filmlərin nümayişini təşkil edir.

Qeyd olunub ki, ekran əsəri Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir.

Daha sonra filmdə rol alan aktyorlar Xalq Artisti Şamil Süleymanov, Əməkdar artistlər Qurban İsmayılov və Bəhruz Vaqifoğlu çıxış edərək filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşüblər. Görüşün təşkil edilməsində əməyi keçənlərə təşəkkürlərini bildiriblər. Vurğulandı ki, son illərdə “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda bir sıra filmlər lentə alınıb və bu filmlərin gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir.

Çıxışlardan sonra film nümayiş olundu.

Maralı süjet xəttinə malik olan ekran əsəri gənc əsgərlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2015-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında ekranlaşdırılan filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayevdir. Ekran işinin quruluşçu operatoru Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamları Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları rol alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.